AHİM – necə müraciət etməli və ərizənizə necə baxılır ?
AİHM-ə təqdim olunmuş ərizələrin böyük əksəriyyəti qəbuledilməz elan edilir. Bu o deməkdir ki, Məhkəmə həmin ərizələri işin mahiyyətini araşdırmadan rədd edir, belə ki, ərizə bütün qəbuledilənlik meyarlarına uyğun gəlmir. Ərizələrin qəbuledilməzliyi barədə qərardad qətidir və ondan şikayət verilə bilməz. Beləliklə, ərizənizin Məhkəmə tərəfindən rədd edilməsini istəmirsinizsə, onun qəbuledilənlik meyarlarına tam cavab verdiyinə əmin olmalısınız. Ərizənizi göndərməzdən əvvəl Məhkəmənin internet səhifəsinə, xüsusilə Qəbuledilənlik meyarları haqqında Təlimata nəzər yetirin.
1. SİZ MƏHKƏMƏYƏ ƏRİZƏ GÖNDƏRMƏK İSTƏYİRSİNİZ
Ərizə formasını Məhkəmənin internet səhifəsindən əldə edə bilərsiniz. Ərizə formasını yükləyin, istisnasız hər bir bəndini doldurun və bütün müvafiq sənədlərin surətləri ilə birlikdə Məhkəməyə göndərin. Sənədlərin əslini göndərməyin, çünki onlar ərizənizə baxıldıqdan sonra sizə geri qaytarılmayacaq. Ərizənin kağız formasını əldə etmək üçün Məhkəməyə müraciət etməyin; vaxta qənaət etmək və ərizənizin Məhkəməyə vaxtında çatmasını təmin etmək üçün ərizə formasını özünüz çap edin (Məhkəmənin internet səhifəsində yerləşdirilən Məhkəməyə ərizənin göndərilməsinə dair Praktiki Təlimata və Ərizə formasının doldurulmasına dair Təlimata nəzər yetirin). Məhkəməyə natamam ərizə göndərdiyiniz halda, Məhkəmə ərizənizə baxmaqdan imtina edə bilər, buna görə də ərizə formasının hər bir bəndini diqqətlə doldurmağınız vacibdir. Ərizə formasının hər hansı bir bəndi lazımi qaydada doldurulmadığı və ya hər hansı məlumat çatışmadığı halda və yaxud lazımi sənədlərin surətlərini əlavə etmədiyiniz halda, Məhkəmə ərizənizə baxmadan onu qeydiyyata almaqdan imtina edə bilər.
Siz Məhkəməyə Avropa Şurasının rəsmi dillərindən birində – fransız və ingilis dilində – və ya Avropa Şurasına üzv olan istənilən Dövlətin rəsmi dilində müraciət edə bilərsiniz. Ərizənin baxılması üzrə ilkin mərhələdə vəkillə təmsil olunmaq mütləq deyil. Bununla belə, əgər siz vəkilin xidmətlərindən istifadə etmək qərarına gəlsəniz, vəkilinizə sizi Məhkəmədə təmsil etmək səlahiyyəti verən, lazımi qaydada imzalanmış sənədi Məhkəməyə göndərməlisiniz. Ərizə formasının hər bir bəndini doldurduqdan sonra onu müvafiq sənədlərin surətləri ilə birlikdə poçtla aşağıda qeyd olunan ünvana göndərin:
The Registrar
European Court of Human Rights
Council of Europe
F-67075 Strasbourg cedex
Yaxşı olar ki, ərizənizi sifarişli məktubla göndərəsiniz. Ərizənizi Konvensiyada müəyyən olunmuş müddət çərçivəsində göndərməlisiniz. Məhkəmənin nəzərə alacağı tarix ərizənizi göndərdiyiniz zərfin üzərindəki poçt möhürünün tarixidir. Mütləq nəzərə alın ki, ərizələr yalnız poçt vasitəsilə göndərilə bilər. İstənilən halda, işiniz üzrə ölkədaxili səviyyədə yekun məhkəmə qərarı qəbul edildikdən sonra, ərizənizi mümkün qədər tez göndərməyiniz qəti şəkildə tövsiyə olunur.
2. ƏRİZƏNİZİ ARTIQ MƏHKƏMƏYƏ GÖNDƏRMİSİNİZ
Ərizəniz hər gün təxminən 1500 məktub daxil olan Məhkəmənin Mərkəzi Poçt şöbəsinə çatacaq. Çox sayda məktub daxil olduğundan, Məhkəmə sizin ərizənizin qəbulunu dərhal təsdiq edə bilməz. Ərizənizin çatıb-çatmadığını öyrənmək üçün Məhkəməyə zəng etməyin. Hər hansı əlavə məlumat tələb olunarsa, Məhkəmə sizinlə əlaqə saxlayacaq. Mərkəzi Poçt Şöbəsi məktubları ayıracaq və ərizənizi müvafiq hüquqi şöbəyə, yəni əleyhinə şikayət verilmiş Dövlətə qarşı işlərə baxan hüquqi şöbəyə yönləndirəcək. Məsələn, Almaniyaya qarşı şikayət Almaniya işləri ilə məşğul olan hüquqi şöbəyə göndəriləcək, çünki həmin şöbənin əməkdaşları alman dilini bilirlər və bu ölkənin qanunvericiliyinə bələddirlər. Daha sonra sizin işinizə nömrə veriləcək və hüquqşünas tərəfindən nəzərdən keçiriləcək. Bu, hələ o demək deyildir ki, Məhkəmə ərizənizi baxılması üçün qəbul edib; bu, sadəcə ərizənizin qeydiyyata alındığını göstərir. Əgər Məhkəmə sizinlə əlaqə saxlayarsa, siz müəyyən olunmuş vaxt müddətində ona cavab verməlisiniz, əks halda şikayətiniz sadəcə rədd edilə və ya ləğv edilə bilər. Məhkəmə işinizə baxmaq üçün zəruri olan bütün məlumatları əldə etdikdən sonra ərizəniz Məhkəmənin tərkiblərindən birinə ötürüləcək. Şikayətinizə baxıldığı müddətdə, hətta bu müddətin uzun davam etdiyini düşünsəniz belə, Məhkəmənin sizinlə əlaqə saxlamasını gözləməlisiniz. Hər il çox sayda (50000-dən yuxarı) ərizələrin daxil olması və Məhkəmə tərəfindən baxılmalı olan daha çox sayda işlərin olması səbəbindən Məhkəmə daxil olan məktub və sənədlərin alındığını təsdiq edə bilmir və ya işinizə təxminən nə zaman baxılacağı barədə məlumat verə bilmir. Məhkəmədə icraat yazılı qaydada aparılır. Məhkəmənin diqqətinə çatdırmaq istədiyiniz istənilən məlumat yazılı şəkildə göndərilməlidir.
3. ŞİKAYƏTİNİZƏ BAXILMASI
3.1 Məhkəmə tərkibi
Məhkəmə işinizə baxmaq üçün bütün zəruri məlumatları əldə etdikdən sonra, işin növündən asılı olaraq ərizəniz Məhkəmənin tərkiblərindən birinə həvalə ediləcək: tək hakimə, Komitəyə və ya Palataya.
- Ərizəniz bütün tələb olunan qəbuledilənlik meyarlarına cavab vermədiyi üçün açıq-aydın qəbuledilməz hesab edilirsə, işinizə tək hakim tərəfindən baxılacaq. Bu hakim tərəfindən verilən qəbuledilməzlik barədə qərardad qətidir və siz bu barədə məlumatlandırılacaqsınız. Qəbuledilməzlik barədə qərardadı mübahisələndirmək olmaz. Siz həmçinin bu barədə hər hansı əlavə məlumat tələb edə bilməzsiniz. Məhkəmə işi bağlayacaq və müəyyən müddətdən sonra dosyenizi ləğv edəcək.
- İşiniz təkrar işlər kateqoriyasına aid edilərsə, yəni Məhkəmənin artıq bir sıra işlər üzrə çıxardığı qərarlarında qaldırdığı məsələ ilə bağlıdırsa, ona 3 hakimdən ibarət Komitə baxacaq. Bu halda, sizə növbəti prosedur haqqında məlumat verən məktub göndəriləcək. Bir daha xatırladırıq ki, zərurət olduqda, Məhkəmə sizinlə əlaqə saxlayacaq.
- İşiniz təkrar işlər kategoriyasına aid olmadığı halda, ona 7 hakimdən ibarət Palata tərəfindən baxılacaq. Palata şikayəti qəbuledilməz elan edə bilər və bu halda qərardad qəti hesab ediləcək. Şikayət qəbuledilən hesab edilərsə, Palata ona mahiyyəti üzrə baxacaq. Lakin bundan əvvəl Palata mövcud şikayət haqqında məlumatlandırmaq və mübahisənin predmeti ilə bağlı yazılı şərhlərini təqdim etməyə imkan vermək məqsədilə ərizəni müvafiq cavabdeh Hökumətə göndərəcək. Bu şərhlər daha sonra sizə göndəriləcək və sizə onlara cavab vermək imkanı veriləcək. İcraatın ilkin mərhələsində vəkil tərəfindən təmsil olunmaq məcburiyyətində olmadığınıza baxmayaraq, bu mərhələdə Məhkəmə sizi vəkil yardımından stifadə etməyə dəvət edəcək. Bir daha qeyd edək ki, sizinlə Məhkəmə əlaqə saxlayacaq.
- Məlumat üçün bildiririk ki, ərizələr heç zaman birbaşa olaraq 17 hakimdən ibarət Böyük Palataya göndərilmir, lakin Palata Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina edə bilər və ya iş məhkəmə icraatının sonrakı mərhələlərində Böyük Palataya yönləndirilə bilər. İş Konvensiyanın şərhinə dair ciddi məsələ qaldırırsa yaxud məsələnin həllinin Məhkəmənin əvvəllər çıxardığı qərara zidd olma riski varsa, Palata Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina edə bilər. İş həmçinin Palatanın qərar çıxarmasından sonrakı 3 ay ərzində istənilən tərəfin ərizəsi əsasında baxılmaq üçün Böyük Palataya göndərilə bilər, lakin Məhkəmə belə müraciətləri yalnız müstəsna hallarda qəbul edir.
3.2 Şikayətə baxılması prosesi nə qədər vaxt tələb edir?
Şikayətin Məhkəmə tərəfindən baxılması üçün təxminən nə qədər vaxtın tələb olunduğunu demək mümkün deyil. Bu, işin növündən, işin baxılması üçün təyin edildiyi məhkəmə tərkibindən, tərəflərin Məhkəməyə lazım olan məlumatları nə qədər tez təqdim etdiklərindən və bir çox başqa amillərdən asılıdır. Məhkəmə ərizələrə qaldırılan məsələlərin vacibliyini və təxirəsalınmazlığını nəzərə almaqla müəyyən ardıcıllıqla baxır. Bu, o deməkdir ki, məsələn,ən ciddi işlərə və ya daha geniş miqyasda problemlərin mövcudluğunu aşkara çıxaran işlərin baxılmasına üstünlük veriləcək; bu isə sizin ərizənizdən sonra verilən ərizəyə Məhkəmə tərəfindən niyə daha əvvəl baxıldığını izah edir.
3.3 Dinləmələr
Məhkəmə Palatanın və ya Böyük Palatanın az sayda işləri üzrə (hər il təxminən 30 iş) dinləmələr keçirir. Məhkəmə işiniz üzrə dinləmə keçirmək qərarı alarsa, sizə məlumat veriləcək. Bütün dinləmələr qeydə alınır və onlara Məhkəmənin internet saytında baxmaq olar.
4. İCRAATIN BAŞA ÇATMASI
İşin Məhkəmə tərəfindən baxılmasının başa çatmasının müxtəlif variantları var.
4.1. Ərizənin rədd olunması
4.1.1 Dosye ləğv olunur
İcraatın əvvəlində Məhkəmə sizinlə əlaqə saxladıqda, siz ümumiyyətlə cavab verməsəniz və ya müəyyən olunmuş müddət ərzində cavab verməsəniz, Məhkəmə hesab edə bilər ki, Siz işiniz üzrə icraatı davam etdirmək niyyətində deyilsiniz və işinizi bağlaya bilər. Sizin dosyeniz ləğv ediləcək və bu qərardan sizin şikayət vermək hüququnuz olmayacaq.
4.1.2 İş Məhkəmə işləri siyahısından çıxarılır
İcraatın sonrakı mərhəsində ərizəniz Məhkəmənin təkiblərindən birinə təqdim edildikdən sonra, Məhkəmənin müraciətlərinə müəyyən olunmuş vaxt ərzində cavab vermədiyiniz təqdirdə, Məhkəmə şikayətinizi siyahıdan çıxara bilər; o hesab edə bilər ki, Siz işiniz üzrə icraatı davam etdirmək niyyətində deyilsiniz. Məhkəmə şikayətinizi həmçinin işin dostcasına həlli və ya bir tərəfli bəyanat nəticəsində siyahıdan çıxara bilər. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmənin sorğularını vaxtında cavablandırmalısınız. Əks halda, Məhkəmə hesab edə bilər ki, siz işiniz üzrə icraatın davam etdirilməsində maraqlı deyilsiniz və buna görə də, şikayətinizi məhkəmə işləri siyahısından çıxara bilər və ya dosyenizi bağlaya bilər.
4.1.3 İş qəbuledilməz elan edilir
Məhkəmənin qəbuledilənlik meyarlarından birinə cavab vermədiyiniz təqdirdə, Məhkəmə ərizənizi qəbuledilməz elan edəcək və bu qərardad qəti olacaq.
4.2 Qərar çıxarılır
Ərizəniz qəbuledilməz elan edilmədiyi təqdirdə, Məhkəmə işinizə baxaraq Konvensiyanın heç bir pozuntunun olmadığını və ya əksinə hüquqlarınızın pozulduğunu müəyyən edə bilər. Pozuntu müəyyən olunduğu halda, Məhkəmə sizə kompensasiya təyin edə bilər. Bununla belə, nəzərə alın ki, Məhkəmə heç bir halda milli məhkəmənin qərarını ləğv etməyəcək. Qərar Komitə tərəfindən çıxarılırsa, qəti hesab olunur və ondan şikayət vermək qeyri-mümkündür. Palatanın qərarı çıxarıldıqdan 3 ay sonra qüvvəyə minir. Bu 3 ay ərzində siz və ya cavabdeh Hökumət işin yenidən baxılması üçün Böyük Palataya göndərilməsini xahiş edə bilərsiniz. Nəzərə alın ki, Məhkəmə belə müraciətləri yalnız müstəsna hallarda qəbul edir. Böyük Palatanın qərarları qəti hesab edilir və onlardan şikayət verilə bilməz. Pozuntunu müəyyən edən qərar qüvvəyə mindikdən sonra, Məhkəmə işi Məhkəmə qərarlarının icrasına nəzarətə görə məsul orqana – Avropa Şurasının Nazirlər Komitəsinə göndərir. Bununla da işin Məhkəmədə baxılması başa çatır.
5. Fərdi şikayətlərin məzmunu
1. Konvensiyanın 34-cü maddəsinə əsasən təqdim edilən fərdi şikayətlər (Məhkəmə fərqli şəkildə qərar qəbul etmədiyi halda) Katiblik tərəfindən təmin olunan ərizə formasında təqdim olunmalıdır.
Ərizə formasının müvafiq hissələrində tələb olunan aşağıda göstərilən bütün məlumatlar aydın şəkildə ifadə olunmalı və doldurulmalıdır:
(a) ərizəçinin adı, doğulduğu tarix, vətəndaşlığı və ünvanı; ərizəçi hüquqi şəxs olarsa, onun tam adı, təsis və ya qeydiyyat olunduğu tarix, (əgər varsa) rəsmi qeydiyyat nömrəsi və rəsmi ünvanı;
(b) əgər varsa, nümayəndənin adı, ünvanı, telefon və faks nömrələri, həmçinin elektron poçt ünvanı;
(c) ərizəçinin nümayəndəsi varsa, ərizə formasının vəkalətnamə bölümündə ərizəçinin imzasının əsli və tarix olmalıdır; ərizəçinin adından fəaliyyət göstərmək səlahiyyətini qəbul etməsini təsdiq edən nümayəndənin imzasının əsli də ərizə formasının vəkalətnamə bölümündə olmalıdır;
(ç) şikayət edilən Razılığa gələn Tərəfin yaxud Tərəflərin adı;
(d) işin hallarının yığcam və oxunaqlı ifadəsi;
(e) iddia olunan Konvensiya pozuntusunun və ya pozuntularının və müvafiq dəlillərin yığcam və oxunaqlı ifadəsi; və
(ə) ərizəçinin Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş qəbuledilənlik meyarlarına əməl etdiyini təsdiq edən yığcam və oxunaqlı ifadə.
2. (a) Yuxarıdakı 1–ci paraqrafın (d)-(ə) bəndlərində tələb olunan bütün məlumatlar, Məhkəmənin digər bir sənədə istinad etmədən şikayətin mahiyyətini və həcmini müəyyənləşdirə bilməsi üçün ərizə formasının müvafiq hissələrində kifayət şəkildə ifadə olunmalıdır.
(b) Eyni zamanda, ərizəçi, yuxarıda göstərilən məlumatı tamamlamaq məqsədi ilə işin halları, iddia olunan Konvensiya pozuntuları və müvafiq dəlillər barədə daha ətraflı məlumatı ərizə formasına əlavə şəklində təqdim edə bilər. Belə əlavə məlumat 20 səhifədən artıq olmamalıdır.
3.1 Ərizə forması ərizəçi və ya ərizəçinin nümayəndəsi tərəfindən imzalanmalı və aşağıdakı sənədlərlə müşayiət olunmalıdır:
(a) şikayət edilən məhkəmə və ya digər orqanların qərarları və ya tədbirləri ilə bağlı sənədlərin surətləri;
(b) ərizəçinin ölkədaxili hüquq müdafiə vasitələrini tükətdiyini və Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş müddətə əməl etməsini sübut edən sənəd və qərarların surətləri;
(c) müvafiq hallarda, hər hansı digər beynəlxalq araşdırma və ya nizamlama prosedurları ilə bağlı sənədlərin surətləri;
(ç) Qayda 47-nin 1 (a) bəndində istinad edildiyi kimi ərizəçi hüquqi şəxs olarsa, şikayəti təqdim edən fərdi şəxsin ərizəçini təmsil etmək hüququ və ya səlahiyyəti olduğunu təsdiq edən sənəd və ya
sənədlər.3.2 Ərizə formasına əlavə olunmuş sənədlər onların tarixləri üzrə xronloji qaydada siyahıya alınmalı, ardıcıl şəkildə nömrələnməli və aydın şəkildə təsvir olunmalıdır.
4. Şəxsiyyəti haqqında məlumatların ictimaiyyətə açıqlanmasını istəməyən ərizəçilər belə istəklərini bildirməli və Məhkəmə icraatının ictimaiyyətə açıq olması barədə ümumi qaydanın onların işinə
tətbiq olunmamasını əsaslandıran səbəbləri göstərməlidirlər. Məhkəmə ərizəçinin anonim qalmasına icazə verə və ya bu barədə öz təşəbbüsü ilə qərar qəbul edə bilər.
5.1 Bu Qaydanın 1-3 bəndlərində nəzərdə tutulmuş şərtlərə əməl olunmaması Məhkəmənin şikayət ərizənizə baxmaması ilə nəticələnə bilər, aşağıdakı hallar istisna olmaqla:
(a) ərizəçi yuxarıdakı şərtlərin yerinə yetirilməməsinin səbəblərini qənaətbəxş şəkildə izah etdiyi halda;
(b) şikayət ərizəsi müvəqqəti məcburiyyət tədbiri barədə qərar qəbul olunması xahişi ilə bağlı olduğu halda;
(c) Məhkəmə öz təşəbbüsü və ya ərizəçinin xahişinə uyğun fərqli qərar verdiyi halda.
5.2. Məhkəmə istənilən halda ərizəçidən müəyyən edilmiş müddət ərzində uyğun hesab etdiyi formada və qaydada hər hansı məlumat və ya sənəd təqdim etməyi xahiş edə bilər.
6. (a) Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənasında şikayətin verilmə tarixi bu Qaydanın tələblərinə cavab verən ərizə formasının Məhkəməyə göndərildiyi tarix hesab olunur. Göndəriş tarixi poçt möhürünün tarixi hesab olunur.
(b) Bununla belə, şikayətin verilmə tarixinin fərqli tarix hesab edilməsi üçün əsaslar olarsa, Məhkəmə bu tarixin fərqli tarix hesab edilməsi barədə qərar verə bilər.
7. Ərizəçilər ünvanlarının dəyişməsi və şikayətə aidiyyatı olan bütün hallar barədə Məhkəməyə məlumat verməlidirlər
Nəticə etibarilə, Məhkəməyə ərizə təqdim etdikdə qəbuledilənlik meyarlarına cavab verməlisiniz. Əks təqdirdə, Məhkəmə şikayətlərinizi araşdırmadan ərizənizi rədd etmək məcburiyyətində olacaq. Bundan əlavə, Məhkəmə ərizənizi qəbuledilməz elan etdiyi halda, həmin qərardad qətidir və siz işinizi yenidən açmaq və ya eyni şikayət ilə bağlı yeni ərizə təqdim etmək imkanına malik olmayacaqsınız.
6. FAYDALI MƏLUMATLAR
6.1 Anonimlik
Məhkəmə qarşısında icraatla bağlı sənədlər ictimaiyyət üçün açıqdır. Anonimliyinizi qorumaq istəyirsinizsə, ərizə formasını doldurarkən bunu qeyd etməli və kimliyinizi nə üçün gizli saxlamaq istədiyinizi bildirməlisiniz.
6.2 Dostcasına həlletmə
Məhkəmə ərizənizi qəbuledilən hesab etdiyi təqdirdə cavabdeh Hökumət və sizin aranızda razılıq – dostcasına həlletmə – əldə etməyə çalışacaqdır. Dostcasına həlletmə mümkün olmadıqda, məhkəmə şikayətinizi araşdıracaq və qərar çıxaracaq.
6.3 Birtərəfli bəyanat
Dostcasına həlletmə təklifini əsaslandırmadan rədd etdiyiniz halda, Məhkəmə Konvensiyanın pozulduğun təsdiqləyən və zərərin əvəzinin ödənilməsinə dair öhdəlik götürməsi barədə Hökumətin bəyanatından sonra şikayətinizi məhkəmə işlərinin siyahısından çıxara bilər.
6.4 Müvəqqəti tədbirlər
Bilavasitə təhlükədə olduğunuz və ya səhhətinizə qarşı ciddi təhlükə olduğu halda – məsələn, göndəriləcəyiniz ölkədə işgəncələrə məruz qalacağınıza dair risk mövcuddursa, müvəqqəti tədbirlərin tətbiq edilməsi ilə bağlı müraciət edə bilərsiniz.
7. TEZ-TEZ VERİLƏN SUALLAR